|
 |
|
| İslamda ailə |
İslama görə, ailə müqəddəs bir qurumdur. Çünki cəmiyyəti formalaşdıran qurum məhz ailədir və əgər ailə müqəddəsdirsə, demək onun sirr və qanunları da müqəddəsdir. Lakin bütün ailələr deyil, yalnız o ailələr müqəddəsdir ki, Allahın qanunları əsasında və Ona xatir qurulmuş olsun. Şəxsi mənafe və ya zinakarlıqla qurulan ailələr bu dəstəyə aid deyil. Deməli, nəyinsə müqəddəsləşməsi üçün Allahın ona dəyər verməsi lazımdır.
Allahın dəyər verərək müqəddəsləşdirdiyi ailələlərdən biri də sevimli Peyğəmbərimizin (s.əv.v.) ailəsi idi. O, Məkkədən Mədinəyə hicrət etdikdən sonra ətraf qəbilələri İslama sövq etmək, gözlənilən təhlükələrin qarşısını almaq və bu kimi səbəblər üzündən bir neçə qəbilənin qadınları ilə evlənərək onlarla qohumluq əlaqəsi yaradır. Amma təəssüflər olsun ki, həmin xanımlardan bəziləri Peyğəmbərin (s.əv.v.) şəxsiyyətini olduğu kimi dərk edə bilməyib onun ailə sirrini açırlar.
|
|
Bal şərbəti
Hadisə belə baş verir. Peyğəmbərin (s.əv.v.) zövcələrindən olan Həfsə ilə Aişə bir gün onun Zeynəb adlı başqa zövcəsinin yanına gedərək orada bir qədər çox qaldığını görür və bundan çox narahat olurlar. Onlar Peyğəmbərin (s.əv.v.) ağız iyinə çox həssas olduğunu bilib belə bir plan hazırlayırlar: öz aralarında şərt kəsirlər ki, Peyğəmbər (s.əv.v.) hansı birinin yanına gələrsə, ağzından iy gəldiyini söyləsin. Həmin gün Peyğəmbər (s.əv.v.) Həfsənin yanına gəlir, o da Peyğəmbərə (s.əv.v.) yaxınlaşıb ondan xoşagəlməz qoxusu olan məğafir adlı yeyilən bitkinin iyinin gəldiyini söyləyir. Peyğəmbər (s.əv.v.) bir anlıq fikrə gedir və məğafir yemədiyini, Zeynəbin yanında bal şərbəti içdiyini xatırlayır və balın məğafir gülündən hazırlandığını ehtimal edir. Həfsə də öz növbəsində onun ehtimalını təsdiqləyir. Peyğəmbər (s.əv.v.) təkidlə buyurur: «And içirəm, bundan belə bal şərbəti içməyəcəyəm, amma sən bunu kimsəyə söyləmə». Bu, Peyğəmbərlə (s.əv.v.) xanımı arasında sirr olaraq qalmalı olan bir məsələ idi. Amma Həfsə ilə Aişə bir neçə gündən sonra onu Mədinə qadınlarının qulağına çatdırır. «Təhrim» surəsinin 3-cü ayəsi nazil olmaqla Allah Öz sevimli Peyğəmbərini (s.əv.v.) ailə sirrinin həyat yoldaşları tərəfindən ifşa olunduğundan agah edir.
Peyğəmbər əxlaqı
Sevimli Peyğəmbər (s.əv.v.) onların bu hərəkətindən son dərəcə narahat olur. Amma hər zaman olduğu kimi bu dəfə də yüksək əxlaq nümayiş etdirərək onlardan nə üçün belə bir səhvə yol verdiklərini soruşur. Peyğəmbər (s.əv.v.) onların səhvrini başa düşüb üzr istəmələrini gözləsə də, bunun tam əksini müşahidə edir. Həfsə ilə Aişə qəzəbli halda soruşurlar: «Bunu Sənə kim xəbər verdi?».
Canımız ruhuna fəda olsun, ey Allah Peyğəmbəri! Məkkə müşrikləri və Mədinə münafiqləri tərəfindən incidildiyin bəs deyilmiş kimi həyat yoldaşların da sənə əziyyət edər, bir-birləri ilə rəqabətə girərək tez-tez keyfini pozardılar. Hardadı malını-canını sənin uğrunda fəda edən Xədicə?! O Xədicə ki, Məkkənin ən varlılarından olduğu bir halda hicrətdən iki il əvvəl Əbu Talib vadisində aclıq və susuzluğa dözməyib dünyasını dəyişdi.
Kim xəbər verdi?!
Həyat yoldaşın Peyğəmbər ikən hələ bir sorruşasan ki, bunu sənə kim xəbər verdi?! Peyğəmbər (s.əv.v.) təmkinini pozmadan buyurur: «Bunu mənə hər şeyi bilən, hər şeydən agah olan Allah xəbər verdi».
Maraqlıdır, əgər bunu Peyğəmbərə (s.əv.v.) Allah yox, səhabələrdən biri xəbər versəydi, Həfsə ilə Aişə onu cəzalandırardı? Əgər bunu Peyğəmbərə (s.əv.v.) xəbər vermək günah idisə, bəs onda onların gördükləri iş nə idi? Quran onların bu işini kəskin tənqid edərək buyurur:
«(Ey Həfsə, ey Aişə!) əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində günaha) meyl etdi. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) onun mövlası (dostu) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlərdir. Bunlardan sonra da mələklər onun yardımçısıdır) («Təhrim» surəsi, ayə 4).
Şayiə
«Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr - müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin!» («Təhrim» surəsi, ayə 5). Ayə qadınlara xəbərdarlıq məqsədilə nazil olsa da, mədinəlilər şəhərdə «Peyğəmbər (s.əv.v.) qadınlarını boşayacaq» kimi şayiə yayırlar. Bu xəbəri eşidən ənsar (mədinəlilər) və mühacir (Mədinəyə köçən məkkəlilər) təşvişə düşürlər. Kim bir-birini görürsə, «Doğurdanmı Peyğəmbər (s.əv.v.) həyat yoldaşlarını boşayacaq?» - deyə soruşur.
Hadisədən bir ay keçsə də Peyğəmbər (s.əv.v.) əhli-beytindən savayı kimsə ilə görüşmür, baş verənləri götür-qoy edir. Bir gün Ömər ibn Xəttab qızı Həfsənin tutduğu işdən peşman olub Peyğəmbərin (s.ə.s) yanına gəlir. Amma Peyğəmbər (s.əv.v.) heç kimi görmək istəmədiyi bildirir. Ömər dəfələrlə gedib-gələndən sonra nəhayət Peyğəmbər (s.əv.v.) onu qəbul edir.
Ömər Peyğəmbərin (s.əv.v.) olduqca sadə otağına daxil olub salam verir. Bir qədər susduqdan sonra nəhayət özündə cəsarət tapıb soruşur: «Ey Allah peyğəmbəri, zövcələrini boşadınmı?
Peyğəmbər (s.əv.v.) bir söz demir, başını aşağı salıb susur. Sonra asta səslə buyurur: «Xeyr, boşamadım». Ömər İbn Xəttab sonradan deyərdi: «Peyğəmbərin (s.əv.v.) bu sözü qəlbimə rahatlıq verdi, onun könlünü almaq üçün olanlardan-ötənlərdən danışsam da Peyğəmbər (s.əv.v.) bir söz deməyib yenə də susdu».
Boşasaydı…?
Nə üçün Peyğəmbər (s.əv.v.) ailə sirrini başqalarına bildirən zövcələrini boşamadı?
Peyğəmbər (s.əv.v.) hər şeydən əvvəl, mədinəlilərə ailə sirrinin nə qədər əhəmiyyətli olduğunu başa salmağa çalışır. Belə ki, o vaxta qədər cahiliyyət həyatı sürən və nə az, nə çox on üç evlənmə üsulundan istifadə edən ərəblər belə məsələlərə heç bir əhəmiyyət verməz və vaxtaşırı biri ilə boşanıb başqası ilə evlənərdilər.
Hətta onların bir çoxu iman gətirsələr də, hələ də cahiliyyət təfəkkürü ilə yaşayar və baş verən dəyişiklikləri həzm edə bilməzdilər. Və təbii ki, ailə sirrinə heç bir əhəmiyyət verməyən ərəblər gələcəkdə Peyğəmbərin (s.əv.v.) bu səbəbdən qadınlarından bir neçəsini boşamasını əsas gətirəcək və ailə zəminində baş verəcək hər bir narazılığa görə qadınlarına talaq verəcəkdilər.
|
|
|
| |
|
|