Sizcə yasadığımız XXI əsr zəmanəsində belə hallar insanlıqmı yoxsa nadanlıqmı hesab edilə bilər?
Bu evə kimsə sevinə-sevinə gəlmədiyi kimi, buradan kimsə də sevinə-sevinə
getmir. Buradan o tərəfə bircə yol qalır, qəbiristanlığa gedən yol. Ona görə də 1700-cü adam Qocalar evində yer sahibi ola bilməsi üçün 1700 adamın ölməsini gözləməlidir. Amma kim deyə bilər ki, özü 1700-cü adamdan daha tez ölməyəcək. Görəsən adam tapmaq, xahiş, hörmət-filan lazım gəlirmi? Xahişə, hörmətə gücü çatanın Qocalar evində nə işi?
Kimsə sənə bir iş tapşırmır, “onu niyə eləmədin?” - demir. Yeməyini verirlər, yatağını sahmana salırlar, ayağının altını da süpürürlər, yəni ye-iç, get öl yerində. Qocalar evində yer yoxdur. Bəs bu evindən-eşiyindən qovulmuş, qocalıb əldən düşmüş adamlar hara getsinlər? Qocalar evi 5 ulduzlu oteldirmi ki, orada yer tapılmasın? Görəsən 1700-cü adamın Qocalar evində yer gözləməsi nə qədər çəkər? 10 il, 20 il, 50 il... Hər halda ümidsiz ölməkdənsə, gözləyə-gözləyə ölmək daha yaxşıdır. Oğlan olsun, qız olsun, qoca atasından, anasından imtina edən övlada deməyə söz tapmıram. İnsan öz valideynindən imtina etmək, onu evindən-eşiyindən bayıra atmaq üçün insanlıqdan məhrum olmalıdır.
Amma neyləyəsən ki, belələri var aramızda. Bu əməlindən xəbərin olmasa hələ onu yaxşı adam da hesab eləyə bilərsən. Qəribə zamana gəlib çıxmışıq. Bir işə yaramadığını, başqalarına yük olduğunu, insanların, həm də ən yaxınlarının, doğmalarının ondan üz çevirdiyini anladığı andan insanın hansısa ölümü başlayır. Beyin ölümü, kliniki ölüm adlanmasa da bu da ölümün bir başqa çeşididir: gərəksizlik ölümü. Evindən qovulmuşun dərdi özünə bəsdir, qapıdan qaytarmaq da elə evdən qovmaq kimidir, hara getsin bu yazıq? Getməyə yeri olsaydı, bura gələrdimi?
Allah-Təala bizi həm də bir-birimizlə sınağa çəkir. Millət öz xəstəsinə, əlilinə, qocasına, yetiminə necə baxarsa, Allah da o millətə elə baxar. Qocalar evində evlənənlər də var. Deyirlər ki, burada evlənənlərə ayrıca otaq verirlər. Amma Qocalar evində hələ uşaq doğulduğunu görən olmayıb. Burada adamlar səhər yuxudan ayılanda “bu gecə filankəs öldü” xəbərini eşitməyə öyrəşiblər. Bu evlilik sevgi deyil, uduzulmuş illərin qarşısında təsəlli axtarışıdır. Kimsə kimsədən sevgi ummaz burada, burada adamlara hənir lazımdır, zarıyanda hayına hay verən lazımdır. Ən yaxşısı da odur ki, xasiyyətlər tuta, uzun, qara gecələrdə oturub səhərə qədər dərdləşib yüngülləşələr.
Növbədə olanların sayı 1700 olsa da bura gəlib əliboş dönənlərin sayı
daha çox olar, məncə. Çünki əgər mənə desələr ki, sən növbədə 1701-ci
adamsan, heç adımı ora yazdırmaram. Ya başımı götürüb hara gəldi, gedərəm, ya da binanın, hasarın dibində başımı atıb qalaram orada. Dediyim odur ki, yer olsa, dərdimizin nə qədər böyük olduğu üzə çıxar. Bir vaxtlar xəstəlikləri gizləyirdilər, kim bilir, bəlkə indi də evdən qovulmuşların sayını gizləyirlər ki, bir-birimizin üzünə baxanda xəcalət çəkməyək. Nə olur-olsun, çoxlu Qocalar evi tikmək lazımdır, özü də hər cür rahatlığı, şəraiti olan evlər. Almaniya hökuməti Afrika ölkələrindən birində xəstələnmiş vətəndaşı üçün xüsusi təyyarə göndərir və gətirib müalicə etdirir. Belə hökuməti və dövləti niyə sevməyəsən axı? Yəni vətəndaşın dövləti sevməsi üçün gərək dövlətin öz vətəndaşına qayğısı olsun.
Birdən də düşünürəm ki, görəsən bu evlər tikilsə, camaat öz qoca ata-anasını çölə atmaz ki... Kimin qabında nə varsa, elə də davranacaq. Vicdanlı, imanlı övlad öz qoca valideynlərini çiynində gəzdirər, amma qəlbini qırmaz. Vicdansız onsuz da qovduğunu qovacaq, Qocalar evində yer olsa da, olmasa da. Hacı Turab Hacı Zeynalabdinə demişdi ki, var-dövlətin çoxdu deyə özünə güvənmə, elə olar ki, müflis olarsan, ac qalarsan. Tağıyev də gülüb demişdi ki, dünyanın yarısında, urusetdən Firəngistana qədər mənim zavodlarım, fabriklərim işləyir. Buradakıları əlimdən alsalar, oradakıların qazancı bəsimdir. Amma bu söhbətdən bir neçə il keçəndən sonra Azərbaycan işğal olunur, bütün varidatı Tağıyevin əlindən çıxır. Öləndə də vəsiyyət edir ki, onu Hacı Turabın ayağının altında basdırsınlar. Çünki onun ayağı biləni
mənim başım bilmirmiş.