|
 |
|
| Tövhid və ata - anaya yaxşılıq |
İslam məktəbində etməli və etməməlilər məcmuəsi və hüquqlar bəyan edilmişdir ki, o cümlədən: Allahın insan üzərindəki haqqı, valideynin insan üzərindəki haqqı və digər. İslamın məşğul olduğu ən dəqiq məsələlərin çox sayda bəhsləri vardır ki, əlbəttə bu bəhslərdə ata və ananın övladı üzərindəki haqları və övladın valideynlərinə görə vəzifələri tədqiq edilir.
Allah Təala Quran-Kərimdə insanın valideynə görə vəzifələrini xüsusi diqqətlə bəyan etmişdir. Bu məsələ haqda Məsumların (ə) hədislərində də çox bəhs edilmişdir.
İslam məntiqində ata və anaya ehtiram
Baxmayaraq ki, insani sevgi və haqqı tanımaq vasitəsilə valideynə ehtiram göstərilərsə, kifayət edər.
|
|
Ancaq İslam o məsələlərdə ki, həm ağıl onu təsdiq edir və həm də onun sevgisini acıqca dərk etmək olar - sükut etməz. Bu məsələlərə aid göstərişləri də vardır. Qurani-Məcidin neçə surəsində valideynə yaxşılıq etmək mövzusu tövhiddən sonra gəlir. Onların bir sırada olması onu göstərir ki, İslam ata və anaya hörmətə nə qədər böyük əhəmiyyət vermişdir.
1. “Bəqərə surəsinin” 83-cü ayəsi: “Allahdan qeyrisinə pərəstiş etməyin və ata və analarınıza yaxşılıq edin”.
2. “Nisa” surəsi 36-cı ayə: “Allaha pərəstiş edin və heç nəyi ona şərik qoşmayın, ata və analarınıza yaxşlıq edin”.
Bu məsələ o qədər əhəmiyyətlidir ki, həm Quran və həm də hədislər bunu dəfələrlə vurgulayırlar ki, valideynlər hətta kafir olsa belə, onlara ehtiram göstərilməsi zəruridir.
3. “İsra” surəsinin 23-cü ayəsi: “Rəbbin əmr etmişdir: “Allahdan başqasına ibadət etməyin və valideynlərə yaxşılıq edin!””.
4. “Ənam” surəsinin 151-ci ayəsi: “Heç nəyi ona şərik qoşmayın və ata və ananıza yaxşılıq edin”.
5. “Loğman” surəsinin 15-ci ayəsi: “Və əgər onlar (ata və ana) səni, haqqında elmin olmayan bir şeyi Mənə şərik qoşmağa vadar etsələr, onda onlara itaət etmə! Dünyada onlarla yaxşı davran!”.
Qurani-Kərimdə valideynlərə görə şükür etmək Allahın nemətlərinə şükür etməklə bir sıraya qoyulmuşdur. Belə ki, oxuyuruq: “Mənə və ata-anana şükr et. Axır dönüş Mənə sarıdır.”
Bu ayə ata-ananın hüquqlarının genişliyinə və dərinliyinə bir daha dəlildir. Qurani-Məcid insana valideynlərinə qarşı ən kiçik belə ehtiramsızlıq göstərilməsinə icazə vermir. İmam Sadiq (ə) buyurur: “Əgər “uf” sözündən də kişik söz olsaydı, Allah onu da qadağan edərdi. "Uf” narahat olmağı bildirən ən kişik ibarədir. Ata-anaya qəzəblə və sərt baxmaq da bunun kimi bir şeydir”.
Baxmayaraq ki, cihad İslam dininin ən mühüm sütunlarından sayılır, o zamana qədər ki, vacib deyildir, ata-ananın xidmətində dayanmaq ondan da mühümdür. Əgər cihada getmək (vacib olmayınca) onların narahat olmasına səbəb olarsa, məsləhət deyildir. İmam Sadiqdən (ə) nəql edilən hədisdə deyilir: “Bir kişi Peyğəmbərin (s) yanına gəlir və deyir ki, cihada məhəbbəti vardır, ancaq anası bu mövzuya görə çox narahatdır. Peyğəmbər (s) buyurur: “Geri qayıt və ananla ol. Məni məbus edən Allaha and olsun ki, əgər bir gecə ananla həmsöhbət olarsansa, Allah yolunda bir il cihaddan yaxşıdır””.
Ancaq o zaman ki, cihad vacib olar - hamının iştirak etməsi lazımdır. Bu zaman ata-ananın narazı olmağı belə qəbul olunmur. Həzrət Peyğəmbər (s) buyurur: “Ata-anaya ağ olmaqdan çəkinin, çünki behiştin iyi min il yol keçəndən sonra buruna çatar. Ancaq o kəslərə ki, ata-analarını qəzəbləndiriblər, heç vaxt çatmaz”.
Bu cümlədə incə şəkildə o mövzuya işarə edilmişdir ki, bu cür insanlar behiştə daxil ola bilməyəcəklər. Hətta ondan çox uzaqda olacaqlar. Ona yaxınlaşa bilməyəcəklər. Seyid Qətəb “Fi zilalil Quran” təfsirində Peyğəmbərdən (s) gələn hədisə işarə etmişdir ki, məzmunu belədir: “Anasını çiyninə almış bir kişi təvaf edirdi. Bu halda Peyğəmbəri (s) görür və soruşur: “Bu hərəkətimlə anamın haqqını ödəmiş olurammı?” Peyğəmbər (s) buyurur: Xeyr, hətta hamilə vaxtı çəkdiyi nalələrdən birini belə ödəməz”.
Burada bunu da qeyd etməliyik ki, bəzən valideynlər insana qeyri-məntiqli və ya dinə zidd olan təkliflər irəli sürürlər. Təbii ki, bunlara itaət etmək lazım deyildir. Ancaq buna baxmayaraq, məntiqli təkliflərlə və əmr-be-məruf və nəhy-əz-munkər yolu ilə onlarla rəftar etmək lazımdır. İmam Kazım (ə) buyurur: “Bir kişi Peyğəmbərin (s) yanına gəlir və valideynin haqqı haqqında soruşur. Həzrət buyurur: Onu adı ilə çağırmasın (atam desin), ondan irəlidə getməsin, ondan əvvəl oturmasın və elə bir iş görməsin ki, insanlar onun haqqında pis danışsınlar”.
6. “İsra” surəsinin 22-25 ayəsi: “Allah ilə birlikdə ayrı bir tanrı qəbul etmə! Yoxsa danlaq altında qalıb rüsvaylığa düşərsən. Rəbbin əmr etmişdir: “Allahdan başqasına ibadət etməyin və valideynlərə yaxşılıq edin! Əgər onların biri ya hər ikisi sənin yanında qocalsalar, onlara: “uf!” – belə demə! Üzərlərinə qışqırma və onlarla xoş danış!”. Təvazökarlıq qanadını onlara mehribancasına aç və de: “Pərvərdigara! Onlar körpəliyimdə məni böyüdən kimi, sən də onlara mərhəmət et”. Sizin Rəbbiniz ürəklərinizdə olanları daha yaxşı biləndir. Əgər əməli saleh olsanız, Rəbbiniz, həqiqətən, tövbə edənləri bağışlayandır”.
Allah bu ayələrin əvvəlində buyurur ki, Allah ilə birlikdə ayrı bir tanrı qəbul etmə. Yəni demir ki, pərəstiş etmə, deyir ki, qəbul etmə, nə əməldə, nə duada və nə Allahla bir yerdə başqa bir məbudu pərəstiş etməkdə. Tövhiddən sonra isə valideynlərə yaxşlıq mövzusuna işarə edilmişdir. Tövhidin valideynə yaxşlıq mövzusunun kənarında verilməsi onun əhəmiyyətli olmasına bir daha işarədir. Burada övladın Quranın nəzərində valideynə göstərdiyi ehtiramın incəlikləri bu cür bəyan edilir:
1. Bir tərəfdən onların ehtiram və məhəbbətə ehtiyac duyduqları dövrə işarə edilir və övldlarının onları ən kiçik təhqir etməsindən çəkinməyi vurğulanır. Onlar ola bilər ki, qocalıqlarına görə başqalarının köməyi ilə hərəkət etməyə məcbur olsunlar. Bu zaman övladlarının ən böyük imtahanı başlayar.
2. Başqa bir tərəfdən isə Allah buyurur ki, onlara “uf” belə demək olmaz. Onlarla yüksək səslə və təhqirlə danışmaq olmaz. Onlarla ehtiram və hörmətlə danışmaq lazımdır. Bütün bunlar ədəbin ən son həddi olan bu sözləri çatdırır ki, “dil qəlbin açarıdır”.
3. Başqa bir tərəfdən isə təvazökar olmağa göstəriş verilmişdir. O təvazö ki, məhəbbət və əlaqəni göstərir, nəinki başqa bir şeyi.
4. Nəhayət o zaman ki, övlad Allaha dua edir, valideynlərini ki, istər həyatdadırlar, istərsə də rəhmətə gedibdirlər - yaddan çıxartmamalıdırlar. Allahdan onlar üçün rəhmət diləməlidirlər. O, etdiyi duada bunu da desə, yaxşı olar: “Pərvərdigara, necə ki, onlar körpəliyimdə məni tərbiyə ediblər, Sən də onlara rəhm et”. Burada incə bir nöqtəyə işarə edilmişdir ki, əgər valideynlər gücsüz olsalar, tək başına hərəkət edə bilməsələr, yaddan çıxartma ki, sən də körpə olanda bu cür olmusan. Onları bu cür qəbul etməlisən. Bəzən valideynə ehtiram və təvazökarlıq o yerə gəlib çatır ki, insan bilərəkdən və ya bilməyərəkdən ona tərəf yönəlir. Axırıncı ayədə buyurulur: “Sizin Pərvərdigarınız sizin ürəyinizdəkilərdən agahdır”. Çünki, Allahın elmi sabitdir, əzəlidir və hər cür səhvdən uzaqdır. Ancaq insan elmi bu sifətlərə malik deyildir.
“Loğman” surəsinin 13-15-ci ayələri: “(Və yad et ki,) bir zaman Loğman oğluna nəsihət edərək, dedi: “Oğlum! Allaha şərik qoşma! Həqiqətən, Allaha şərik qoşmaq çox böyük zülmdür. Biz insana ata-anasını tapşırdıq. Anası onu getdikcə artan bir zəifliklə daşıdı və (onun) süddən kəsilməsi iki ildə olur. “Mənə və ata-anana şükr et!” (deyə insana əmr etdik). Axır dönüş Mənə sarıdır. Və əgər onlar (ata-ana) səni, haqqında elmin olmayan şeyi Mənə şərik qoşmağa vadar etsələr, onda onlara itaət etmə! Dünyada onlarla yaxşı davran! Mənə tərəf dönən kimsələrin yolunu tut! Sonra qayıdacağınız Mənə sarıdır və o zaman, nə etdiklərinizi sizə xəbər verəcəyəm”.
Bu ayələrdə ananın zəhmət və əziyyətinə işarə edilir. Bu məsələ həm elmi yolla sübut olunmuşdur və həm də təcrübə göstərmişdir ki, qadınlar hamilə vaxtı çox yorulur və əziyyət çəkirlər. Bədənin ən yaxşı maddələrini körpələrinə bəxş edirlər. Ona görə də hamilə qadınlarda müxtəlif növ vitamin çatışmamazlıqları olur və əgər bərpa olunmazsa, onlar üçün narahatlıqlar yarada bilər. Bu məsələ süd verən zaman da davam edir. Çünki süd ana cisminin şirəsidir. Bu məsələyə “Bəqərə” surəsinin 233-cü ayəsində də işarə olunmuşdur: “Analar öz uşaqlarına iki il tamam süd versinlər. (Bu hökm) süd verməyi təkmilləşdirmək istəyən şəxs üçündür. Onların (anaların) layiqincə yeməyi və geyimi uşaq sahibinin (atasının) öhdəsinədir. Heç kəs gücündən artıq vəzifələnməz. Heç ana və heç ata uşağına görə zərər çəkməsin”. Hər bir halda analar həm hamiləlik və həm də süd vermə dövründə 23 ay fədakarlıq göstərirlər. Onlar övladlarına görə həm ruhi cəhətdən, həm sevgi cəhətdən, həm cismi və övladına xidmət cəhətdən fədakarlıq göstərirlər.
Maraqlısı odur ki, tövhidə başlayanda ata-ana zikr olunur. Ancaq xidmət və zəhməti bəyan edəndə ananın zəhmətinə işarə olunur. Bu yolla da ananın fədakarlığı diqqət mərkəzində olur. Sonra isə Allaha və ata-anaya şükür etmək tövsiyə olunur. Çünki insanı əsl xəlq edən Allahdır ki, bu cür mehriban valideynləri sizə bəxş etmişdir. Ata-anaya da şükür etməliyik ki, Allahın nemətlərini insanlara çatdırmağı öhdəsinə götürüblər.
Sonda deyə bilərik ki, bu ayələr və hədislərdən belə nəticə çıxartmaq olar ki, insan ilk əvvəl Xaliqini tanımalıdır və Ona şükür edib, Ona pərəstiş etməlidir. Yəni, ilk növbədə tövhid gəlir. Sonra isə insan valideyninə hörmət və ehtiram göstərməlidir. Çünki, valideynlər Allah nemətlərini yer üzərinə gətirən öhdəçilərdir. Onların çəkdikləri əziyyət və əzabın haqqını vermək lazımdır. Bu da onlara xidmət etmək və onların razılığını almaqla baş verər. Hər bir yaşda. Hətta əgər o qədər qocalsalar ki, hərəkət etməyə belə taqətləri olmasa, o zaman övladlarının böyük imtahanı başlayar və Allah hər şeyi görən və biləndir. Allah bizləri valideynlərinə ağ olanlardan etməsin, inşallah! Amin!
|
| |
|
|