Saytda axtarış

İbrətamiz kəlamlar
Vaxt gedir
 
məqalələr
Xeyirxaqlıqda tapılan xoşbəxtlik
Özünü dərk edən hər bir insan düşünməlidir. Mən kiməm? Bəziləri üçün asan, bəziləri üçün çətin olan bu sualın sadə bir cavabı var: Mən insanam! İlahi tərəfindən bu uca ada layiq görüldüyümüz üçün nə qədər xoşbəxtik! Ancaq bəzən unuduruq bu xoşbəxtliyi və...

Çox heyif ki, bu uca ada layiq ola bilmirik zaman-zaman. Bəs bizə nə unutdurur xoşbəxtliyimizi? İçində yaşadığımız dünya, yoxsa içimizdə yaşatdığımız həyat? Bəlkə, yaşamaq istəyib, yaşaya bilmədiyimiz həyat, dünya? Bəlkə, nə isə, nələr, nələr, nələr. Həyatımız doludur bu “nə isə”lərlə.
Bəzən “nə isə” deyib ötür keçir, bəzən bu “nə isə” ni ürəyimizdə böyük yaraya çeviririk.
Bəzən bu zövq üzüntülərin yaşandığı “coxadlı” dunyaya min etirazımız olur, üsyan edirik, bəzən min təşəkkürümüz olur, sevincdən ucmağa qanad axtarırıq. Necə qəribədir. İnsanin sevincli, günləri oldugu kimi, kədərli, üzüntülü günləri də olur. Yaxşı günlərimizdə sevinir, həyatdan zövq alırıq, sevinməklə qalmayıb, gələcəyə böyük ümidlə baxırıq. Bununla bərabər biz insanların bu ümidlərlə dolu dünyasında üzü həmişə gülmür. Həyatımız boyunca ağır sınaqlar qarşısında mətanətimizi itiririk. Tək mətanətimizi itirmirik, özümüz də itib-batırıq qəm dünyasında. Unuduruq o xoşbəxtliyi...

Biz insanlar bəzən adi bir şeyi belə dünyanın sonu hesab edir, özümüz də öz ümidimizi əllərimizlə boğub öldürürk. Onda bir anlıq düşünək... Nələri? Kimləri? Qayğıya, ailəyə ehtiyacı olan, başına bir kimsə sığal çəkəndə belə özünü dünyanın xoşbəxti hesab edən körpələri, uşaqları... Çox vaxt “Biz niyə yaşayırıq axı?” – deyib hansısa çətinlikdən gileylənirik. Elə onda bizlərə baxaraq: “Kaş mən də onların yerində olaydım, anam, atam, evim olaydı, oxuyaydım” – deyərək həsəd aparan yeniyetmələri, gəncləri, yaşıdlarımızı düşünək...

Onların nifrət etdiyi cəmiyyətin bir üzvü yox, dostu ola biləcəyimizi düşünək. Tapa bilmədiyi və ya itirdiyi, onu atıb-gedən övlad həsrəti ilə yanıb-tutuşan, ürəyi qan ağlayan anaları-ataları və yaxud min bir əzabla böyüdüb boya-başa çatdırdığı, gözünün ağı-qarası olan, hər zaman bağrına basdığı, ona sığınan övladın indi ona sığınmağa ehtiyacı olan, ancaq atılmış ata-anaları, qocaları, dərmansız xəstələri düşünək...

Bax onda barışaq küsdüyümüz həyatla. Şükr edək. Şükr etmək bəs deyil. Bəlkə ürəyimizdə yenidən göyərən ümiddən pay verək onlara? Bəlkə unutduğumuz xoşbəxtliyimizi bu insanlarda axtaraq? Necə? Axı insan tək özü üçün yaşamır, axı Allahın döyündürdüyü, yaşatdığı ürəyi əsirgəməməliyik heç kimdən. İnsan bu dünyada cismən tək başına yaşayan aciz və çarəsiz bir varlıq olsa da, eyni zamanda canlıların ən ağıllısı, vicdan sahibi, şərafətlisi, bəzən heyrət ediləcək qədər qəddar, bəzən heyrət ediləcək qədər mərhəmətlidir.

Bəzən min insana gərəkdir. Əgər kiməsə gərəyiksə, onda heyrət ediləcək qədər mərhəmətlilərdən olaq. Bəlkə elə bu insanlarda tapaq xoşbəxtliyimizi. Həqiqətən tapa bilərik. O insanların ürəyində işıq olaq. O insanlara bəzən heç kəşf edilməmış satılıb-alınmayan şəfalı dərman olaq, bəşər övladına dost, həmdəm olaq, xoşbəxtlik bəxş edib öz unutduğumuz xoşbəxtliyimizi tapaq onların azacıq xoşbəxtliyindən. Dahi M.Qorkinin kəlamında deyildiyi kimi: “Dünyada ən yaxşı ləzzət və fərəh özünün başqasına lazım olduğunu bilməkdir”. Bəli, biz o insanlara lazımıq, onları düşünmək, mənəvi dayaq olmaq... necə böyük xoşbəxtlikdir bu...

Bizim “Xeyriyyəçilər Klubu” da bu insanların səsini duymağa, onlara kiçik də olsa təbəssüm bəxş etməyə və ehtiyacların qarşılamağa çalışır. Ümid edirik ki, xeyriyyə cəmiyyətinə qoşulduğumuz bu dörd ildə bizə ehtiyacı olan həmən insanlara kömək əlimizi uzada bilmişik, əgər bunu bacarmışıqsa, biz necə də xoşbəxtik!
Xeyirxaqlıqda tapılan xoşbəxtliyə doğru bir addım atmaq istəyirsinizsə, “QƏLBİMİN SƏSİ” nə səs verək.

Bookmark and Share
Səbinə SALMAN
 
  2008 © Xeyriyyə
Materiallardan istifadə edərkən www.xeyriyye.com saytına istinad zəruridir